IRAC metodu ilə hüquqi əsaslandırma

Hüquq tədrisində ya da tətbiqində “hüquqi əsaslandırma” və ya sadəcə “əsaslandırma” ifadəsini çox eşidə bilərsiniz. Lakin həmin əsaslandırmanın necə edilməsi barədə, adətən, dəqiq anlayışa və metodiki biliyə sahib olunmur. Bəziləri hesab edə bilər ki, əsaslandırma sadəcə qanunun mətnini təqdim etməklə, daha sonra isə göstərmək istənilən nəticəni verməklə sonlanmış olur. Və ya əksinə. Amma hüquqi əsaslandırma o tərəflərdə, əksərən, əsaslandırmanı asanlaşdıran və məntiqli edən metodlarla edilir. Çünki siz (hakimə, müştərinizə və ya digər potensial oxuyucunuza ya da dinləyicinizə) gəldiyiniz nəticənin doğru və ağlabatan olmasını göstərməlisiniz.

Hüquqi əsaslandırma üçün ən çox istifadə olunan metodlardan biri IRAC-dır [ayrək, I – issue (məsələ), R – rule (qayda), A – application (tətbiq), C – conclusion (nəticə)].  Metod belə işləyir: qarşınıza hüquqi bir sual və ya məsələ gəlir, həmin məsələni tənzimləyən hüquq qaydasını tapırsınız, tapdığınız qaydanı işin hallarına – faktlara tətbiq edirsiniz və gəldiyiniz nəticəni təqdim edirsiniz. İcazə verin misal üzərindən metodun necə işlədiyiniz göstərim.

Sual: Yanlışlıqla kiməsə ödənilmiş pul ödəyənə geri qaytarıla bilərmi?
Qayda: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə görə “öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər”.
Tətbiq: Pulu ödəyən pulu əldə edənə həmin ödənişi heç bir öhdəliyini icra etmək üçün deyil, yanlışlıqla və ya səhvən ödəmişdir. Pul yanlışlıqla ödənirsə, bu o deməkdir ki, həmin pul öhdəlikdən kənar ödənir.
Nəticə: Buna görə də, həmin ödənilən pul əsassız varlanma qaydalarına uyğun olaraq geri qaytarıla bilər.

Yuxarıda göstərilən nümunə çox sadə bir nümunədir. Yazıda və ya şifahi əsaslandırmada Sual / Qayda / Tətbiq / Nəticə sözlərini qeyd etməyə bilərsiniz, yəni həmin başlıqları sizin bilməyiniz kifayət edir. İş mürəkkəbləşdikcə suallar da arta bilər, təbii ki. Məsələn, hüquq qaydası işin halları ilə əlaqəli daha çox hissədən ibarət ola bilər. Elə olduqda hər bir hissəni işin hallarına ayrıca tətbiq etmək lazımdır.

İşin hallarından və tətbiq olunmalı olan qaydalardan asılı olaraq metodun tətbiqi də genişlənə bilər. IRAC metodunu ardıcıl addımlar olaraq belə vermək olar:

  1. Cavab verilməli olan hüquqi sual qoyulur.
  2. Aydınlaşdırmalı olduğunuz işin hallarına görə induksiya – ümumiləşdirmə aparır və bu hallara hansı hüquq qaydasını tətbiq edəcəyinizi müəyyən edirsiniz.
    1. Əvvəlcə həmin müəyyən etdiyiniz qaydanı işin hallarına uyğun formulə etdiyiniz şəkildə və ya parafraz olunmuş şəkildə yaxud da bundan əvvəlkilər mümkün olmadıqda qaydanı mənbədə olduğu kimi köçürürsünüz.
    2. Həmin qaydadakı izaha ehtiyacı olan açar sözləri aydınlaşdırırsınız və yaxud həmin qaydanın necə tətbiq olunmasının məhkəmə praktikası ilə və yaxud digər ikinci dərəcəli mənbələr ilə izah edirsiniz. Bu hissə “rule explanation” mərhələsi adlanır.
  3. Hüquq qaydasını işin hallarına uyğun olaraq deduksiya – xüsusiləşdirmə aparmaqla tətbiq edirsiniz.
    1. Qaydanı işin hallarına tətbiq etmək üçün əvvəlcə qaydanın tətbiq olunması üçün əhəmiyyətli hesab etdiyiniz işin hallarını – faktları təqdim edə bilərsiniz ki, təhliliniz daha anlaşıqlı olsun.
    2. Bundan sonra həmin faktları hüquq qaydasının testindən keçirisiniz: həmin faktlar qaydanın müəyyən etdiyi elementləri qarşılayırmı? sualına cavab verirsiniz. Məsələn qayda müəyyən edir ki, bir müavilənin etibarlı olması üçün A və B olmalıdır. Bu hissədə siz A və B-nin işin hallarında olub-olmamasını aydınlaşdırısınız.
  4. Ən sonda bir cümlə ilə gəlinən nəticəni təqdim edirsiniz. Məsələn, “yuxarıdakıları nəzərə alsaq, deməli, müqavilə etibarlıdır”. Nəticə hissəsini həddən artıq uzatmaq məqsədəuyğun deyil.

IRAC təqdim etmək istədiyiniz nəticə ilə hüquq arasında məntiqi əlaqəni göstərməyə və sizi daha inandırıcı etməyə kömək edir. Yadda saxlamaq lazımdır ki, sadəcə hüquq qaydalarını sıralayıb təqdim etmək istədiyiniz nəticəni vermək nəticənizi əsaslı etmir.

Bir də nəzərə alın ki, bunlar hüquqi təhlilin ən ibtidai elementləridir və qayda üzərindən edilən əsaslandırmaya aiddir. Bunlardan başqa analoji əsaslandırma, əks-anoloji əsaslandırma, nəticələrin təsirlərinə yönəlmiş əsaslandırma, qaydaların izahı, mənbələrdən istifadə, qaydaların növlərinə görə təhlil, strukturlaşdırma, planlama kimi anlayışlar var.

Qısamüddətli axtarışımdan gəldiyim nəticə bu oldu ki, IRAC haqda bu yazı, deyəsən, Azərbaycan dilində ilk yazıdır. Nəsə yanlışlıqlar və ya anlaşılmazlıqlar görsəniz aşağıda şərh bölməsində yazmağa ya da email ilə bildirməyə çəkinməyin.


Şərh bildirin

Advertisements

IRAC metodu ilə hüquqi əsaslandırma” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma